Əli Nəcəfov 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayonunda 276 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Universitetində (AU) "Maliyyə və iqtisadiyyat" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Əli Nəcəfov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Əli Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Nəcəfov oktyabrın 20-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Tüklə kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Nəcəfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.